Türkiyə kuboku uğrunda yarışın yarımfinal mərhələsi başlanıb.
İlk qarşılaşmada bu mövsüm uğurlu çıxışı ilə yadda qalan "Trabzonspor" doğma meydanda "Kayserispor"la qarşılaşıb. İlk yarıda meydan sahibləri rəqibi müdafiəyə çəkilməyə məcbur edib. Abdullah Avcının komandasından xüsusi ilə Edin Vişça, Korneliyus, Anastasios Bakasetas, habelə Jan-Evrar Kuassinin hücum xəttində fəallıq göstərməsi və bir neçə epizodda təhlükəli vəziyyət yaratmaları diqqət çəkib. Üstünlüyə baxmayaraq "Trabzonspor" istəyinə nail ola bilməyib. Fasilədən sonra sürətini artıran "Qara dəniz fırtınası" 87-ci dəqiqədə tarazlığı pozub. Entoni Nvakaemenin uzun ötürməsindən sonra Andreas Korneliyus topu qapıdan keçirib: "Trabzonspor" – "Kayserispor" 1:0.
Beləliklə, Trabzon klubu Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk görüşündə qələbə qazanıb. Cavab qarşılaşması mayın 10-da keçiriləcək.